2020 - ci ildən başlayan, bütün dünyanı ağuşuna alan siyasi və iqtisadi böhran, təəssüflər olsun ki, səngimək bilmir. Bəşəriyyəti təhlükə altına alan pandemiya ilə ölüm - qalım mübarizəsi aparıldğı bir zamanda, Rusiya - Ukrayna münasibətləri gərginləşdi və tərəflər arasında qanlı müharibə başlandı. Yenə də təəssüf hissi ilə qeyd etmək olar ki, pandemiyaya qalib gələn dünya birliyi, Rusiya - Ukrayna müharibəsinin qarşısını almaqda acizdir. Bütün cəhdlərə baxmayaraq, tərəflər arasında sülhə nail olmaq mümkün olmamışdır. Bütün bunlar iqtisadi böhranı dərinləşdirmiş, eyni zamanda Qərb dövlətləri ilə Rusiya arasında kəskin siyasi böhrana da səbəb olmuşdur. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar vəziyyəti daha da gərginləşdirmiş, vaxtaşırı tərəflər bir - birlərini nüvə silahından istifadə edəcəkləri ilə hədələməkdən belə, çəkinmirlər. Bütün bu gərginliklərin fonunda, yenicə müharibədən çıxmış Azərbaycan, yaranmış situasiyadan daha az zərərlə çıxmaq üçün balanslaşdırılmış siyasət həyata keçirməkdədir. Bu nöqteyi nəzərdən Azərbaycan Prezidenti İlham Əliyevin tutduğu mövqe təqdirəlayiq bir haldır. Elə 21 iyul 2023 - cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "4 - cü Sənaye İnqilabı dövründə Yeni Media" mövsusunda Şuşa Qlobal Media Forumundakı çıxışı deyilənləri parlaq şəkildə təsdiq edir. Ölkə Başçısı çıxışı zamanı Azərbaycanın yaxın keçmişdə həyata keçirdiyi işlərdən, ən başlıcası da öz ərazi bütövlüyünü təmin etməsindən və qarşıda görüləcək işlərdən geniş şəkildə söhbət açdı. Prezident çıxışı zamanı vurğuladı ki, Azərbaycan uzun müddət erməni quldurlarının ərazilərimizi işğala məruz qoymasından olmazın əziyyət çəkib. Məsələnin sülh yolu ilə həll edilməsinə dair ölkəmizin atdığı bütün addımlar ermənilərin sərgilədiyi qeyri - konstruktiv mövqe ucbatından daima nəticəsiz qalmışdır. Öz torpaqlarının erməni işğalında qalması ilə barışmayan Azərbaycan, nəhayət ki, döyüş meydanında öz sözünü deyərək 44 günlük Vətən müharibəsi zamanı mənfur düşmən üzərində tarixi qələbə çalaraq onları ölkə ərazisindən qovub çıxartdı. Bu qələbənin əldə edilməsində qardaş Türkiyənin, onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyini heç vaxt yaddan çıxarmaq olmaz . Azərbaycan və Türkiyə arasındakı bu dostluq məntiqi olaraq 15 iyun 2021 - ci il tarixli, məşhur "Şuşa Bəyannaməsi" ilə nəticələndi. Bəyannamənin əsas qayəsi Türkiyənin bundan sonra bütün hallarda Azərbaycanın yanında olacağına dair müddəadır. Azərbaycan Prezidenti ölkəmizin Avropa ölkələri ilə sıx iqtisadi əlaqələrinin olmasını da vurğuladı. İndiyə qədər bir çox iri layihələrin həyata keçirildiyini, eyni zamanda Trans Xəzər Qaz xəttinin gücünün artırılması barədə işlərin getdiyinə də diqqəti yönəltdi. Prezident əlavə etdi ki, bütün bunlarla bərabər hal - hazırda Azərbaycanı düşündürən prioritet məsələlərdən biri də Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaqdır. Burada sülhün bərqərar olması həm region üçün, həm də dünya üçün olduqca böyük fayda deməkdir. Sülhün olması iqtisadiyyatın inkişafına təkan verər, əhalinin maddi rifah halının yüksəlməsinə böyük töhfələr verə bilər. Forumda çıxışını davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, indi ölkəmizin qarşısında duran digər prioritet məsələlərdən ən başlıcası Şərqi Zəngəzur və Qarabağın bərpası məsələsi və ordunun daha da möhkəmlənməsidir. Şərqi Zəngəzur və Qrabağda çox böyük işlər görülür. Bu gün artıq keçmiş məcburi köçkünlər öz dədə - baba yurdlarına qayıdırlar. Buna misal olaraq əhalinin Ağalıya, Suqovuşana, Laçın şəhərinə qayıtmasını göstərə bilərik. Bu ilin sonuna qədər Laçın şəhərinə daha 600 ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulur. Bu gün Azərbaycan ordusu Vətən müharibəsində zəfər çalan 3 il bundan əvvəlki ordudan da qat - qat güclüdür. Azərbaycan bütün bunları ona görə edir ki, bir də böyüklüyündən, kiçikliyindən asılı olmayaraq kimsə torpaqlarımıza göz dikməyə cəsarət etməsin.
Fiqurə Rüstəmova,
Xocalı rayon ziyalısı, şəhid bacısı